Həyat düşüncələri_
Xəlil Rza Ulutürk
_Həyat düşüncələri_
Sən elə bilmə ki, köçdüyüm zaman,
Dünyadan bir yolluq köçəcəyəm mən.
Bir dəfə ölüncə bəlkə min dəfə,
Ölümü tapdayıb keçəcəyəm mən.
Bir gün öz yanında görməsən məni,
Çıx yaşıl bağlara, quşları dinlə.
Okean qüdrətli, Araz nəhrini,
Saxlamaq istəyən daşları dinlə!
Dinlə küləkləri, küləklərdəyəm!
Ürəklərdən soruş, ürəklərdəyəm!
Bütün ulduzlarda, bütün çaylarda,
Bütün güllərdəyəm, çiçəklərdəyəm.
Buludu şimşəklə parçalayaraq,
Zülməti nur ilə boğacağam mən.
Qərbdə ulduz kimi batsam, Şərqə bax!
Şərqdən Günəş kibi doğacağam mən!
Qanadlanacağam sənin yanına,
Qışla əlbəyaxa ilk bahar ilə,
Savalan dağının zirvələrindən,
Qərbə- Şərqə düşən şüalar ilə!
İtib - batmaq üçün yaranmamışam.
Dünənəm! Bu günəm! Gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də nə qəm,
Dünyaya təzədən gələcəyəm mən.
هدف از ایجاد این وبلاگ جمع آوری مطالب و آگاه سازی عزیزان می باشد