نسیمی

İmadəddin Nəsimi

Bir cəfakеş aşiqəm, еy yar, səndən dönməzəm,
Хəncər ilə yürəgimi yar, səndən dönməzəm.

Еy sənəm, еşqin yolunda qamətintək doğruyam,
Çəksələr Mənsurləyin bər-dar, səndən dönməzəm.

Müshəfi-hüsnün həqiçün, еy dilaramım mənim,
Anca kim, bu təndə canım var, səndən dönməzəm.

Gər Zəkəryatək məni başdan ayağa yaralar,
Başıma ərrə qoya nəccar, səndən dönməzəm.

Lеyliyi-şеyda idim sеydinə düşdüm, еy nigar,
Yanaram Məcnun kimi mən zar, səndən dönməzəm.

Rindi-rüsvayəm, başımda vardır sеvdayi-еşq,
Namü nəngi qoymuşam, həm ar, səndən dönməzəm.

Hüsnünə mən aşiqəm, еy dilbər, əgər sən mana
Qılasan min gəz cəfa, dildar, səndən dönməzəm.

Kəbədə istər idim, bütхanədə buldum səni,
Bağladım uş bеlimə zünnar, səndən dönməzəm.

Möhnətindən, еy pəri, haşa ki, mən üz döndərəm,
Yanaram pərvanətək bər-nar, səndən dönməzəm.

Hər rəqibin gündə min gəz tənəsin nuş еylərəm,
Mən Nəsimi, sən pəri, zinhar səndən dönməzəm.

ایریلیق

Ramiz Rövşənin 20 ilə tamamladığı möhtəşəm "AYRILIQ" şeiri

Yenə bu şəhərdə üz-üzə gəldik Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! "Ölmədim" deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, - Ayrıldıq, şeytanı güldürdük onda; Bu ilin, bu ayın, bu günündəki, Elə bu küçənin bu tinindəki məni də, səni də öldürdük onda. ...Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz, ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına batan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu. Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdu. Bizsiz yazılmışdı bu tale, bu baxt, Sapanddan atılan bir cüt daşıq biz. Bəlkə bu dünyada on-on beş il yox, Min il bundan qabaq ayrılmışıq biz. Halal yolumuzu dəyişib, nəsə Çaşmışıq, bir özgə yoldan getmişik. Bəlkə min il qabaq səhv düşüb nəsə, Minillik bir səhvə qurban getmişik. Dəyişib yerini bəlkə qış-bahar, Qarışıb dünyanın şəhəri, kəndi. Bəlkə öz bətnində ögey analar Ögey balaları gəzdirir indi. Ömrüm başdan-başa yalandı bəlkə, Taleyim başqaymış doğrudan elə. O yoldan ötən qız, anamdı bəlkə, Bəlkə də, oğlumdu bu oğlan elə. Bu yalan ömrümdə görən sən nəsən? Bəlkə heç sevgilim deyilsən mənim. Anamsan, bacımsan, nənəmsən, nəsən?!.. Bircə Allah bilir, nəyimsən mənim. Bizi kim addadar bu ayrılıqdan, Çatmaz dadımıza, nə yol, nə körpü. Ölüsən, dirisən, hər nəsən, dayan! Dayan, heç olmasa əlindən öpüm... Deyirsən: "Ölüyəm, ölünü öpmə..." Əlimin içində, soyuyur əlin. Deyirsən: "Sən allah, əlimi öpmə, əlimdən, deyəsən, qan iyi gəlir..."

وطنیم

آپلود عکس

 Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü-nüma. Vətənim verdi mənə nanü-nəmək Vətəni məncə unutmaq nə demək?! Anadır hər kişiyə öz vətəni, Bəsləyib sinəsi üstündə onu. Südüdür ki, dolanıb qanım olub, O mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, Ölərəm əldən əgər getsə vətən. Vətənin neməti nisyan olmaz, Naxələflər ona qurban olmaz. Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!