آغارما ساچیم، آغارما

▪️آغارما ساچیم، آغارما

نه ائرکن سنه دن دوشدو
نییه دوشدو، نه‌دن دوشدو؟
بِئینیمی قوووه‌دن دوشدو؟
آغارما ساچیم، آغارما

آرزو سونسوز، عؤمور یاری
آرتدی آلنین قیریشلاری
سنده اینصاف اولسون باری
آغارما ساچیم، آغارما

منی غمگین گؤرسه اگر
دوشمن گولر، دوست غم یئیر
قیزلار باخیب دایی دئیر
آغارما ساچیم، آغارما

داشدیر قلبین، داشدیر جانین
یوخدور دویغون، یوخدور قانین
هله گنجم، سن ویجدانین
آغارما ساچیم، آغارما

عؤمور کئچیر، یامان کئچیر
قلبیمدن قارا قان کئچیر
داها گؤزللر یان کئچیر
آغارما ساچیم، آغارما

هله سسیم اوجالماییب
ائل گوجوندن گوج آلماییب
هله اورک قوجالماییب
آغارما ساچیم، آغارما

ایلهام آدلی شاهپریم وار
یول اوسته‌یم، سفریم وار
یازیلمامیش اثریم وار
آغارما ساچیم، آغارما

مممد_آراز

Bir taleyin oyununda cütlənmiş zərik

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da,qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidirsən:pıçıldayır yıxılan,duran:
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Ayaq saxla,dövrənə bax ötəri belə,
Min illərdir Araz belə,Həkəri belə,
Axşamların,səhərlərin təkəri belə,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm.
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
dünya mənim,
dünya heç kimin

Nə yatmısan qoca vulkan, səninləyəm

Nə yatmısan qoca vulkan, səninləyəm ! 
Ayağa dur. Azərbaycan, səninləyəm ! 
Səndən qeyri, 
biz hər şeyi bölə billik. 
Səndən qeyri, 
Biz hamımız ölə billik. 
Bu Şəhriyar harayıdır, 
Bu Bəxtiyar harayıdır. 
Ayağa dur Azərbaycan! 
Bunu bizə zaman deyir, 
Məzarından baş qaldıran baban deyir: 
- Nər oğlu nər səninləyəm! 
Səninləyəm silah tutan, 
kulung tutan , yaba tutan, 
Kösöy tutan nişanlı ər səninləyəm! 
Səninləyəm qız atası, 
Hanı nərən , hanı səsin? 
Hani andın? 
Yoxsa sən də yatmışlara, batmışlara, 
Qeyrətini satmışlara xırdalandın? 
Gözünü sil vətən oğlu, 
Ayağa qalx! 
Üfüqünə bir yaxşı bax, 
Sərhədinə bir yaxşı bax, 
Sərhədinin kəməndinə bir yaxşı bax! 
Dur içindən qorxunu boğ, 
Ölümünlə qalımını ayırd elə. 
Dur içindən dovşanı qov, 
Dur özünü Boz Qurd elə! 
Varım - yoxum səninləyəm, 
Azım - çoxum səninləyəm, 
Şirin yuxum səninləyəm 
Yıxın məni söz atından, - 
Atın məni tank altına, 
Əzin məni xıncım - xıncım, 
Kəsmir əgər söz qılıncım. 
Didin məni didim - didim, 
Atın məni tank altına. 
Qundaqdakı bir körpəni xilas edim. 
Səninləyəm, 
Sözü qəmli, özü dəmli 
rəhbər adam! 
1918 -də vuruşurdu 
danışmirdı rəncbər atan, 
rəncbər atam! 
Oyat bizi ey yaradan səninləyəm ! 
Ya birmərrə yatırt bizi, 
Ya birmərrə oyat bizi. 
Ya yenidən yarat bizi! 
Ey yaradan, səninləyəm! 
Səninləyəm yatmış vulkan. 
Səninləyəm! 
Ayağa dur Azərbaycan, 
Səninləyəm!

Bu əsrin yalanı tükənmir, artır

Bu əsrin yalanı tükənmir, artır,
Bu əsrin vədləri ilğımdı deyən,
İnsan da insanı uçruma dartır, -
«Bu mənim insana qayğımdır», - deyə.

Düşmənə yük çəkir itən yolumuz,
Biz hələ şirincə yatmaq işində.
Bağlanıb sabaha gedən yolumuz,
Biz hələ dünəndə yortmaq işində.

Hayımız, küyümüz göyə yüksəlir,
"Kimsə başımıza gül ələyəcək".
Və ya da "ulduzlar tökülüb gəlib,
Hamını evində güllələyəcək".

Gah elə qürrəli, gah elə xoflu,
Hamımız bir səsli, bir adam kimi,
Hamı cilovludur, hamı buxovlu,
Hamı da sozalan yağsız şam kimi.

Kiminsə ikrahı, kimin istəyi,
Dünənki bəxtəvər bu günkü yazıq,
Fikirli görürəm Əbülfəz bəyi,
Nəriman narazı, Söhrab narazı.

Çörək dükanları boş olur bəzən,
Yalan dükanları ağzına qədər...
Vəzir də, vəkil də seçə bilərsən,
Qartaldan, qarğadan, quzğuna qədər.

Bu əsrin vədləri bu qırıq tikə,
Nə yeyən görübdü, nə görən yeyib.
Bu qırıq tikəni ona göz dikən -
Qazanan yeməyib, götürən yeyib.

Bu elin qibləsi itibdi, vallah,
Kim ona yön tapsa - dahimiz odur.
Aldansan, bu yurdun qızına aldan,
Onun da and yeri bu yurd oğludur.

Mən də haqq yolunu keçmişəm, - deyim,
Vəd yalan olanda yalan vəd olur, -
Onun da "avtoru" cin-şeytan deyil,
Hamımız tanıyan bir namərd olur.

Bu əsrin yalanı külək atlı ki,
Hər bənddən, keçiddən çıraqlar asın,
Ehtiyatlı olun, ehtiyatlı ki,
Gələn əsrimizə yalan sızmasın.

6 dekabr 1992

YAŞAT MƏNİ

YAŞAT MƏNİ
Bu dünyada qurmaq çətin, yıxmaq asan
Bir təkanla dağ yıxılar, yıxan olsan
İpə dönnəm -əgər göyə çıxan olsan
odun sönsə,qorun ollan
Yaşat məni!
harayımı batırmağa səs alınca 
Tərsi düzə cəm eləyib, tərs alınca
mənə balta qıcıyandan dərs alınca
Baltan ollam, qoyun ollam
Yaşat məni!
Əyri yoldan aylı yolun yaşı qədim
Üzüyündən üzüyününü qaşı qədim
Bilməm: eşqin yazı qədim, qışı qədim
Yaşat məni
Haqq bir daşdır
Nahaq -dərə, bir ağ dərə
Zülmərsevər yalquzağa qulaq dərə
Qara selin gurultusu qulaq dələr
Nahaq haqq qurum ollam
Yaşat məni!
Qar altında yaz gözləyən əkin kimi 
Ədalətə heykəl yonsan, əklil kimi
Doğruya qan, şərə qalxan vəkil kimi
gərək ollam
Qoru məni 
Yaşat məni

Elə bilirsən ki...

Elə bilirsən ki...

Sənin aləmində ən yaxşiyam mən,
Bəlkə də yaşılar naxışıyam mən ;
Sözümdə kəlamlar qaymağı vardır,
Sinəmde səxavət bulağı vardır,
Dilim dadmayıbdır acılıq ,sərtlik,
Qəlbim də tanımır,pislik namərdlik.
O qədər yumşağam ,o qeder həlim,
İlan yuvasına uzansa əlim-
İlanlar əl çəkər ilanliğından.
Əl etsəm, ulduzlar dumanlığından
Kehkəşan ayrılıb yaxına gələr,
Ceyranlar qapıma sağına gələr….
Gözündə gör nece uca durmuşam,
Heç özüm özümü tanımırmışam!
Bəlkə də bələyəm, bəlkə, nə bilim;
Sən məni səhnədə görürsən, gülüm!
Mətbəx tüstüsündə, süfrə qarında, 
Bir nimdaş, ütüsüz ev paltarında, 
Uşaq qayğısınnda, ev darlığında,
Bazarlıq ,su dartmaq evdarlığında,
Kişi sərtliyinin eseb atinda 
Məni görməmisən;
Bunu bil ki, sen,
Pərdəli görüşlər çaginda elə
Qadınlar mələkdir, kişilər pilə.....

Bu gecə yuxumda Arazı gördüm...

Bu gecə yuxumda Arazı gördüm...

Bu gecə yuxumda Arazı gördüm,
Arazı belə tox görməmişdim heç.
Arazı bəxtindən çox razı gördüm,
Üstündən yol atdı: "cəsarətlə keç!"

Dedi: sinəsinə çaylar axmasa
Dənizlər itirər dənizliyini.
Cəsarət üstümdə şahə qalxmasa
Təbriz itirəcək Təbrizliyini.

Bu hansı tarixdi - xəzan yarpağı? -
Qəfil küləklərin carçıları kim?
Mən ki, öyrənmişəm qaya yarmağı,
Bir dərə dibinə necə çəkilim?

Qədimlik utanır qədimliyindən,
Qədim abidələr gülüş hədəfi.
Bir dilin bir dilə qənimliyindən
Dad qılır çalağan, 
dad qılır əfi.

Yüz illər beləcə yatıb mürgülər,
Sahil qayaları olsan, nə fayda!
Axar su üzünə bir dəfə gülər,
Bir də o gülüşlər çətin qayıda.

Su içmək üçündü,
çay keçmək üçün;
İçilməz, keçilməz çayı su bilmə.
İnsanı ölümdən alan ölümün
Zəhmini insanın qorxusu bilmə.

Əsrimiz körpülər əsridir indi,
Pas atmış ağıllar quylanır yerə.
Mənim sularımın dizliyi gendi,
Qabarıb hay salar lal sahillərə.

Qoymaz üç addımda çöllər alışa,
Qoymaz ağızlarda dillər alışa.
Nə qədər yataqda Araz var hələ,
Arazdan içməmiş Təbriz var hələ,
Ya mənim dərdimlə yaşar bu dağlar,
Ya da ki, üstümə aşar bu dağlar...

1981

Utanma qara qız

Utanma qara qız

Nə qaralmaq eyibdir,
Nə yanmaq, qara qız.
Dağınıq saçından,
Bərkiyən əlindən,
Cızılan qıçından,
Utanma, qara qız!

Buxağı pambıqdan ağ
Gözəllər görmüşəm.
Mən mərmər sinələr,
Şaftalı yanaqlar,
Pilə əllər görmüşəm.
Xarici kinolardan
Təzə yeriş öyrənən,
Ayrı bir təbəssüm.
Ayrı bir gülüş öyrənən
Qızlar mələk də olsa,
Mənim zövqümcə deyil;
Onların ən incəsi
Üzükdən keçsə belə
Mənimçün incə deyil.
Yaxın gəl, qara qız,
Gəl əl tut.
Əlini-qolunu bağlayan,
Sürətini saxlayan
Adətlər varsa da, unut.
Gül görüm, qara qız,
Gözünün şəfəqi
Üzündə səyrisin.
Bəzənib gəzməyinə,
Toylarda süzməyinə
Sədd olan varsa, qoy
Utansın,ərisin.
Deməyə, gülməyə layiqsən,
Gülüşün dünyanı dolansın.
Utanma, qara qız!
Çörəyi gözəllik
Olanlar utansın.
Bir xalq məsəlinin
Əksini deyim mən,
Boğazında görünər
Ağ üzüm yesən.
Qaralıqla şöhrət
Yanaşı olur bəzən.
Ağlıqla da nifrət
Yanaşı olur bəzən.
Nə tərlan yerişin var;
Nə sirli gülüşün var, --
Dişlərinin şəfəqi
Süzülür dodağına.
Sən güləndə deyirəm,
Bənövşə suyu 
Sıxılıb yanağına.
Bu geniş çöllərin
Sonası, qara qız.
Hər pambıq kolunun
Anası, qara qız.
Çaylara coşğunluq,
Göllərə şəffaflıq,
Bulaqlara nəğmə,
Duruluq və saflıq
Gülüşün gətirir.
Taxılı, pambığı
Tarlalar qoynuna
Yürüşün gətirir
Utanma, qara qız!
Utansın üzü yox,
Vicdanı qaralar.
Eh, sənin kölgəndə
od olan,
Planlar doldurub, ad alan
Kişilər hələ var...

15 avqust 1962

Bir Gecə...

Bir Gecə...

Bir gecə ölümlə baş-başa yatdım,
Bir gecə qoymadım işıqlar sönə.
Kimsə ulduzları qoparıb atdı
Bu gecə şəhərin küçələrinə.

Ölüm yarasaymış, əsil yarasa;
İşıqdan çiyrənib -- zülmətdə itir.
Ən ağır şivənə, ən ağır yasa
Əldə işıq gedin, gözdə nur gedin.

Bir gecə ölümlə baş-başa yatdım,
O görə bilmədi məni yanında. 
Bir gecə ölümü yaman aldatdım,
Ölüm kor olurmuş işıq yananda.

Yanvar, 1972

Əlvida dağlar

Əlvida dağlar

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax — salamat qal!

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən
Çoban, salamat qal, sağ-salamat qal!

Mən belə dünyanın nəyindən küsüm?

Mən belə dünyanın nəyindən küsüm?

Söz verdim, söz aldı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?

İtirib özündə özünü dünya,
Toyları, yasları, özülü dünya.
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?

Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub, hay salar, haydan utanmaz,
Gunəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?

Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha,
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?

Başının altına yastıq qoyanlar,
Ayağı altına qumbara qoydu.
Nadanlar dünyanı qumara qoydu!
Men belə dünyanın nəyindən küsüm?

Deyiləm"

Deyiləm"

Bilirəm, mən sənin göz yaşlarınam,
Donub gözlərində qalan deyiləm.
Bir mələk donunda girib qoynuna,
Sonra şahmar kimi çalan deyiləm.

Birinə varamsa, birinə yoxam,
Yoğrulmuş xamıram, yayılmış yuxam...
Mən hər vədəsilə bir tale yıxan
"Həqiqət geyimli" yalan deyiləm.

Qonsan kipriyimə bir jalə kimi,
Köçsən qəlbimə bir nalə kimi,
Mən səni bir dolu piyalə kimi
Götürüb əlimdən salan deyiləm.

Hər eşqin yolu var, hər ömrün yarı,
Yeri, bu ümidlər yolunda yarı...
Daha nə gizlədim, çalınmış tarı
Kökləyən deyiləm, çalan deyiləm... (Məmməd Araz)

 

Dəniz göylüyündə qalıb eləcə,

Dəniz göylüyündə qalıb eləcə,
Sahil qayaları elə həmindi.
Girib xəyalımın qoluna təkcə
Özümlə həmsöhbət olmuşam indi.

Səhərin, axşamın rəngi dəyişməz,
Gündüz günəşlidir, gecə aylıdır.
Baxıram rənglərə, rəngimə düşməz,
Gülüşlər ayrıdır, səslər ayrıdır.

O vaxtlar dalğalara gənclik demişdik,
Sular o təkanla yenə çalxanır.
Qumlara söz-hənir səpələmişdik,
Ayağım altında səs ayaqlanır.

Hanı o? - ulduzdu, şəfəqdi, nəydi?
Dənizdə dalğaydıq, sahildə qaya.
Təklənən talelər gözümə dəydi.
Mənim təkliyimə kim məhəl qoyar.

Təklənən ləpirlər yağış çalası,
Təklənən yarpağı şaxta yedəklər.
Taledir, kimlərsə tənha qalası,
Kimlərsə baş-başa ömr edəcəklər.

Mənəm o yüyənsiz cavanın biri,
Gəl bəri dərdləşək, a cavan oğlan:
Mən nə qazanmışam səni itirib,
Sən nə qazanmısan mən olmağınan.

On beş il əvvələ yol yoxdur daha,
On beş il sonra da düyünlü düyçə,
Bu günü döşündən asandı dahi,
Bu günün göyünə baxandı göyçək.

Didilir bir ömrün yaşıl köynəyi,
Yorğun xatirələr yollarda yortur.
Nə qədər gözün var, gözlə ürəyim,
Nə qədər sahil var, sahildə otur...

Pitsunda, 28 sentyabr, 1981

 

Bu gün gərək

Bu gün gərək
Hər anımız Vətən! - desin.
Qılıncımız, qalxanımız
Vətən! - desin
Təxminimiz, gümanımız,
Vətən! - desin!
Ölənlərin əvəzinə
Qalanımız - Vətən! - desin.
Vətən, - desin!
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! - desin.
Fərqi yoxdur, harda olaq
Zamanımız, məkanımız
Vətən! - desin!
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı,
Çaylarımız, göllərimiz oğurlandı.
Oğurlatdıq!
Düzlərimiz, çöllərimiz oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız - Vətən! - desin.
Hər yaxşımız, yamanımız
Vətən! - desin!
Bu nə səsdi, nə hənirdi
Vətən deyir,
O, Xocalı harayıdı,
O, Xocalı dərdidi
Vətən deyir.
Xəndəklərdə dəfn olunmuş
Əsir qoca Vətən deyir.
Əli kəsik,
dili kəsik
Uşaqlar var - hələ dustaq,
Körpə dustaq, Vətən! - deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı? -
Didərginlər üzərində
susub durdu.
Vətən - dedi!
Mürgüləsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! - desin!
Qoca millət,
Bu gün gərək
Hər anımız Vətən! - desin.

Ana yurdum, hər daşına üz qoyum,

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində, sən kiminin,-
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən könlüm yaman xallanır,
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb 
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa,
Gözünü sıx, hansı daşda su yansa,
O daş altında Məmməd Araz yaşayır...

 
 

Azərbaycan - qayalarda bitən bir çiçək

Azərbaycan - qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan - mayəsi nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

Tariximə qara xətlə hicri, miladi
Qılıncların qan ağziyla yazılmadımı!
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından yaz almadımı!

İllər olub - kürələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz gölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası.
Azərbaycan qatarı da yollara çıxdı,
Dağılanda qoca şərqin duman dünyası.

Azərbaycan - mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!

Bu millətə nə verdik ki

Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını, 
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.

Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.

Bu millətə nə verdik ki?
Halal tikə qənddi, - dedik, 
Yoxsuluna dərdli, - dedik,
Kasıbına mərddi, - dedik,
Mərd kasıba qız vermədik.

Bu millətə nə verdik ki?
Çiyninə mindik, - öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.

Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.

Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən...

Sonra... daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra "qullar dünyasının
İntiqamı yaman olur"...

16 noyabr 1992

Yolçu, yolun haradı?

Yolçu, yolun haradı?
Qoşulum sənə bəlkə!
Birləşib çıraq olduq
Yolu itənə bəlkə?

Mən keçmişi itirdim,
Sən sabahı bəlkə də.
Qarışdırıb bölərik,
Bu günahı bəlkə də.

Duru gözlər bulandı,
Daha duru nə var ki?
Yaman gözdən gizlənən
Neçə qərinə var ki?

O mənəm - sən adında,
Qırıq daşa söykəli, 
Dağında yad buludlar,
Bağında yad heykəli.

Arxamda lay-lay duran,
Divarlar aşdı lay-lay.
Oduna isindiyim,
Qadın ülfəti-laylam.

Ayrı yoldu söz yolu,
Quyruq olmaz heç yola,
Əyrini də çəkməz o
Əyri yola, kəc yola.

Öndə nəyim yəhərli,
Arxada nəyim qalıb.
Gir gizlən ürəyimdə,
Bircə ürəyim qalıb...

1991