MƏNƏM

Çox da öz elimdə, vətənimdəyəm,
Yadlar əlində əzilən mənəm.
Öz doğma dilimdə danışsam da mən,
Dili xəncər ilə kəsilən mənəm.

Süleyman Rüstəmə dərd olub vətən,
Göz yaşı ələnib şeirlərindən.
Rüstəm olmasaydı deyərdim ki, mən,
Əli hər tərəfdən üzülən mənəm.

Bilirəm, bilirsən nədir kəfənim,
Qaranlıq gecədir aydın səhərim.
Çap üzü görməyən söz incilərim,
Taxçada yan - yana düzülən mənəm.

Qan qardaşım deyir keçdin varından,
Ah çəkdi baxdıqca öz diyarından.
Zamanın eybəcər barmaqlarından,
Babəkin al qanı süzülən mənəm.

HAŞIM TƏRLAN